Bugün, interneti təhlükəsiz adlandırmaq çətindir. Bir tərəfdən hakerlər və onların yaydığları ziyankar proqramlar, digər tərəfdən fərdi məlumatları toplayan və istifadəçilər haqqında, demək olar ki, hər şeyi bilən ağıllı sistemlər.
Lakin, bu xoşagəlməz hadisələrdən qorunmaq üçün bir çox metodlar da mövcuddur. Aşağıda paylaşdığımız üsullar haqqında oxuyub, internetdəki məlumatlarınızın təhlükəsizliyini vaxtında təmin edə bilərsiniz.
Şifrələr menecerini istifadə edin
Şifrələr meneceri hər bir hesabınız üçün unikal şifrə yaradacak. Hesablarınızdan birinin hack olunduğu halda, təcavüzkar şəxsin digər hesablarınıza daxil olma imkanı olmayacaq. Ən azı Google, Apple kimi xidmətlərdə qeydiyyatdan keçirdiyiniz hesablar, eləcə də e-poçt və bank hesabları üçün unikal parol təyin etməlisiniz.
Cihazlarınızda etibarlı şifrələr təyin edin
Dörd rəqəmli giriş kodu mobil telefon və ya digər cihazlar üçün artıq təhlükəsiz hesab edilmir. Ən azı 6 simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan şifrədən istifadə etmək daha təhlükəsizdir. Ümumiyyətlə, etibarlı şifrə təyin etməyə çalışın və cihazı ictimai yerlərdə heçvaxt nəzarətsiz qoymayın.
İki faktorlu autentifikasiyanı istifadə edin
İki faktorlu autentifikasiya (2FA) hesabınızı icazəsiz girişdən effektiv qoruyur. İki faktorlu autentifikasiya aktiv olduğda, hesaba daxil olmaq üçün, istifadəçidən əlavə məlumatların daxil olunması tələb edilir; bu yalnız istifadəçiyə məlum olan bir məlumat (şifrələr, PİN kodlar, gizli ifadələr) və ya onun biometrik verilənləri (üz skanı, barmaq izləri və ya gözün torlu qişası) ola bilər.
DNS parametrlərini 1.1.1.1 və ya 9.9.9.9-a dəyişin
DNS (Domen Adlarının Serverləri) domen adlarını IP ünvanlara çevirir. Bir çox internet provayderlər DNS vasitəsilə ötürülən məlumatları izləyir, qeydiyyatdan keçirir və bəzi hallarda bu məlumatları reklam verənlərə satır.
Məsələn, Cloudflare, internet trafikinizi provayderlərdən və açıq Wi-Fi şəbəkələrini izləyən şəxslərdən qoruyan bir DNS alətini yayımladı. 1.1.1.1 həmçinin adi DNS-dən daha sürətli işləyir və interneti sürətləndirir.
VPN istifadə edin
VPN və ya virtual fərdi şəbəkə internet bağlantınızı qoruyan faydalı bir vasitədir. Bu alət trafikin izlənilməsinin qarşısını alaraq göndərdiyiniz və qəbul etdiyiniz məlumatların şifrələnməsini təmin edir.
Gizlilik təmin edən veb brauzerdən istifadə edin.
İnternetdəki fəaliyyətinizi izləməyən və istənilməyən reklamları nümayiş etdirməyən veb brauzeri istifadə edin.
Paylaşdığınız fotoşəkillərə aid metaverilənləri silin
Geotagging (coğrafi teqləmə) media fayllara (məsələn, foto və videolara) coğrafi identifikasiyanın əlavə edilməsidir. Bu cür media fayllara icazəsi olan hər kəs bu məlumatları oxuyub, fotonun çəkildiyi yeri asanlıqla tapa bilər. Sosial şəbəkələr fotoların EXIF məlumatlarını silir. Lakin unutmayın ki, şəkillər siz tərəfdən yerləşdirildiyi halda, coğrafi lokasiya yenə də dəqiq göstərilir.
Sosial şəbəkələrdə məxfilik parametrlərini yoxlayın
Sosial şəbəkələr maraqlarınız, ünsiyyətdə olduğunuz insanlar, ziyarət etdiyiniz yerlər və.s kimi şəxsi məlumatları toplamaq imkanına malikdir. Əgər sosial şəbəkələrdən imtina etməyə hələ hazır deyilsinizsə, biraz vaxt ayırıb, təhlükəsizlik və məxfilik parametrlərini nəzərdən keçirin.
Fişinq hücumları haqqında məlumatlı olun
Fişinq (ing. fishing – balıq tutma) onlayn fırıldaqçılığın bir növüdür. Adətən fişinq hücumları elektron poçt vasitəsilə həyata keçirilir. Təcavüzkar şəxslər bank və ya maliyyə qurumunun saytına bənzəyən saxta sayt yaradıb, daha sonra istifadəçiyə həmin qurumların adından elektron məktub göndərir və aldadaraq həmin sayta daxil olmağa və gizli məlumatlarını - məsələn, qeydiyyat adını, şifrəsini və ya PIN kodunu daxil etməyə “məcbur edirlər”. Həmin məlumatları istifadə edərək, təcavüzkarlar tora düşən istifadəçinin hesabından pul oğurlayırlar.
İnternetdə əsas təhlükəsizlik qaydalarına riayət edin və ümumdünya hörümçək torunda gizlənən bir çox xoşagəlməz sürprizlərdən qurtulacaqsınız.