Bugün Pac-Man video oyununu tanımayan birini tapmaq çətindir. Pac-Man oyun dünyasında ilk video oyunlardan biri olaraq, demək olar ki 20-ci əsrin simvollarından birinə çevrilib.
22 may 1980-ci ildə oyun avtomatlarının hazırlanması ilə məşğul olan yapon şirkəti Namco video oyunlar dünyasını həmişəlik dəyişdirdi. Labirintdə gəzən və ruhlar ilə mübarizə aparan sarı yumru qəhraman tezliklə məhşurluq qazandı və 80-ci illərin ikonuna çevrildi. Bugün Pac-Man tarixdə ən tanınmış video oyunlarından biridir.
Oyun Namco şirkətinin işçisi Toru İvatani tərəfindən 18 ay ərzində hazırlanmışdır.
Pac-Man oyununun əsas qəhramanının yemək məhsuluna oxşadığını siz də düşünmüsüzsə, haqlısınız. Çünki elə məhz pizza yediyi zaman oyunun əsas qəhramanı haqqında ideya İvataninın ağlına gəlmişdir. Pac-Man formasına görə bir dilimi çatışmayan pizzanı xatırladır.
Oyun zamanı Pac-Man-ın mübarizə apardığı düşman rollarını Blinki, Pinki, Klayd və İnki adında dörd müxtəlif rəngli ruhlar oynayır.
Oyuna olan maraq o qədər çox idi ki, adamlar Pac-Man oynamaq üçün sıraya dururdular. Buna görə daha çox gəlir əldə etmək məqsədilə oyun zallarının sahibləri orada bir neçə avtomat düzürdülər. 1982-ci ildə təxminən 30 milyona yaxın amerikalı Pac-Man oynayaraq, həftədə toplam 8 milyon dollar pul xərcləyirdi.
Oyunda qazanılan maksimal xalların sayı 3 iyul 1999-cu ildə Hollivudda qeydə alınmışdır. Pac-Man oyununun bütün mərhələlərini keçib, onu udan ilk şəxs isə Billi Mitçel adında bir amerikalı idi. O, 3 333 360 xal toplamışdır. Bu nəticəni əldə etmək üçün 6 saat vaxt sərf etmişdir. Mitçel 225 mərhələni keçərək, bütün nöqtələri, enercayzerləri, meyvələri yığmışdır və bütün ruhları yemişdir.
80-ci illəri görməyənlər belə, bir çox digər video oyun platformalarında Pac-Man oynaya bilərdi. Öz 30-cu ildönümündə Pac-Man hətta Google axtarış sisteminin əsas səhifəsində yerləşdirilmişdir.
Pac-Man oyunun əsas qəhramanı eyni zamanda iki nailiyyətə malikdir: "Ən çox tanınan video oyun xarakteri" və "tarixdə kommersiya cəhətdən ən çox gəlir gətirən oyun avtomatı". Birinci göstəriciyə görə, Pac-Man hətta əfsanəvi Super Mariyonu ötüb keçir! Bu hələ harasıdır - qəhramanın azarkeşlər ordusu da var. Məhz onlara görə, Guinness Rekordlar Kitabında "Pac-Man-ın ən böyük kütləvi kospleyi" kimi bir rekord var.
Pac-Man oyununun çıxışından artıq 40 ilə yaxın keçib, o isə indiyənə kimi məşhur qalır. Geyminqin cəmiyyət tərəfindən qəbul olmasında bu oyunun böyük rolu olub.