Google-un axtarış nəticələrinin ilk səhifəsi artıq çoxdandır ki, təkcə darıxdırıcı siyahılardan ibarət deyil. İldən ilə axtarış sistemi yeni və xüsusi formada əks olunan axtarış nəticələrini təqdim edir. Bunu etməkdə Google-un əsas məqsədi istifadəçilər üçün axtarış prosesini asanlaşdırmaq və ən tez zamanda lazımi məlumatlar ilə təmin etməkdir.
Bu məqalədə ən tez-tez rast gəlinən xüsusi nəticələrin siyahısını təqdim edirik:
Featured Snippet / Cavab qutusu
Cavab qutusu – axtarış sistemi tərəfindən seçilən və istifadəçilərin verdiyi sualı ən qısa şəkildə cavablandıran bir mətn parçasıdır. Mətnin alındığı saytın adı və aktiv URL-i də elə burada yerləşir. Qutudaki məlumatlara həmçinin saytdaki şəkillər və videolar da əlavə oluna bilər.
Cavab qutusunda göstərilən sayt, ilk səhifədəki adi nəticələr siyahısında təqdim edilə bilər. Lakin buna baxmayaraq, statistikaya əsasən istifadəçilərin çoxu cavab qutularına üstünlük verir. Bir sayt sahibi üçün saytının məlumatlarının cavab qutusunda əks olunması ən vacib SEO məqsədlərindən biridir.
Cavab qutularının növləri
Cavab qututları, öz növbəsində, üç növdən ibarətdir: paraqraf, siyahı və ya cədvəl.
Paraqraf/ Mətn
Bu hamımızın bildiyi və tez-tez rast gəldiyi cavab qutusudur. Google, istifadəçinin sualını düzgün və qısa bir şəkildə cavablandırmağa çalışaraq, saytdan ən uyğun məlumatı axtarış nəticələrində paylaşır.
Bu cür sualları verərək paraqraf şəklində əks olunan cavab alacaqsınız:
• Necə etmək / əldə etmək ...
• Kim ...
• Niyə ...
• Nədir ...
Nömrələnmiş Siyahı
Nömrələnmiş siyahı adətən addım-addım təlimat tələb olunduqda əks olunur. Məsələn, bir resepti axtardığınız halda.
Markalanmış siyahı
Markalanmış siyahı cavabın bir-bir sayılması tələb oldunduğda görünür. Bu, müxtəlif TOP'lar, siyahılar, məsələn, avtomobil markalarının modellərinin siyahısı ola bilər.
Knowledge Graph / Məlumat qrafiki
Məlumat qrafiki (və ya məlumat cədvəli) sorğunun mövzusuna aid məlumat verən nəticədir. Adətən Google buraya Vikipediyadaki məlumatları daxil edir. Məsələn, axtarış zamanı "1984" daxil etsək, biz təkcə həmin roman haqqında məlumat yox, həm də Corc Oruelin digər romanlarının siyahısını alacağıq, və ya rəssam Mikeleancelo haqqında məlumat axtarsaq, o dövrün digər məşhur rəssamlarının siyahısı da əks olunacaqdır.
Local Pack / Xəritə nəticələri
Xəritə nəticələri – sorğunuz əsasında yerli şirkətlərin kiçik bir siyahısını əks etdirən Google axtarış nəticələrinin bir növüdür. Bir qədər əvvəl Google sorgu üçün 7 nəticə nümayiş etdirirdi, hazırda nəticə sayı üçə endirilib. Bu nəticələr, yaxında yerləşən obyektlər və ya satılan məhsulları/göstərilən xidmətləri axtaran istifadəçilər üçün nəzərdə tutulmuşdur. Məsələn, "Bakıda gözəllik salonu" sorğusunu axtarış sətrinə daxil etsəniz, Google lokasiyanıza əsasən, sizi üç variantla təmin edəcəkdir. Bu siyahıda şirkətin adı, reytinqi, ünvanı, telefon nömrəsi, iş rejimi və saytına keçid olacaq.
Yerli biznes sahibləri üçün, bu üç yerdən birini əldə etmək çox vacib bir addımdır.
İlk öncə, Local Pack hədəf kütləni cəlb edir; saytınız yuxarı sıralarında əks olunmasa belə, istifadəçilər saytınızı burada görə biləcəklər. İstifadəçilərin şirkətinizi Lokal Pack-da tapmağı üçün, aşağıdakıları etməlisiniz:
1. Google My Business hesabı yaradın.
2. Biznesin kateqoriyasını seçin (bir kategoriya seçməyiniz məsləhətdir).
3. Fəaliyyətinizin ətraflı təsvirini verin.
4. Mütləq saytınıza link əlavə edin.
5. Doğru məlumatları (telefon, ünvan, iş qrafiki) daxil edin.
6. Reytinqinizin üzərində çalışın - məhsul / xidmətiniz barədə müsbət rəylər toplayın.
Carousel Results / Karusel
Karusel - axtarış nəticələrinin ən maraqlı növlərindən biridir. İstifadəçinin verdiyi sorğuya əsasən bir neçə nəticənin mövcud olduğu halda, Google nəticələri bu şəklində göstərir.
Məsələn:
- Ən yaxşı qorxu filmləri
- Harry Potter kitabları
- 2018-ci ilin ən yaxşı filmləri
- Android üçün ən maraqlı oyunlar
Nəticələrdən birinin üzərinə klik edərək, həmin nəticə haqqında daha ətraflı məlumat əldə edəcəksiniz.
Google Shopping / Google alış-veriş
Bu cür nəticələr məhsulları internet saytlarda axtarmağa və qiymətlərini müqayisə etməyə imkan verir.
Belə xüsusi axtarış nəticəsi ticarət xarakterli sorğulara cavab olaraq göstərilir və məhsula aid bütün vacib məlumatları (ad, qiymət, şəkil, satıldığı onlayn mağaza) daxil edir. Bütün bu məlumatlar daim yenilənir.